ABŞ prezidenti Donald Tramp deyir ki, ABŞ ordusu İranda üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana zərbələr endirib və missiyanı yerinə yetirən təyyarələr artıq ABŞ-yə qayıdır.
"Təyyarələrin hamısı hazırda İranın hava məkanından kənardadır. Əsas obyekt - Fordoya BOMBALAR buraxılıb. Təyyarələr geri qayıdır", – Tramp iyunun 21-də sosial media postunda yazıb.
Tramp 21 iyun zərbələrini "möhtəşəm hərbi uğur" adlandırıb. O deyib ki, ABŞ bombardmançıları Fordo, Natanz və İsfahanda nüvə obyektlərini vurmaqla İranın nüvə proqramını dağıtmağa çalışan İsraillə birgə hərəkət edib və bu, Tehranı danışıqlar masasına qaytarmaq alınmayandan sonra gerçəkləşdirilib.
"Onlar illərlə bu dəhşətli dağıdıcı zavodları tikərkən hər kəs bu adları eşidib. Məqsədimiz İranın uranı zənginləşdirmə qabiliyyətini dağıtmaq, dünyanın bir saylı terror sponsoru dövlətinin yaratdığı nüvə təhdidini aradan qaldırmaqdır", – Tramp Ağ evdə xalqa müraciətində deyib.
Tramp vurğulayıb ki, İran sülhə gəlməlidir: "Bunu etməsələr, gələcək hücumlar daha böyük və xeyli asan olacaq".
ABŞ-nin vurduğu nüvə obyektləri
İsrailin KAN ictimai televiziyası ölkə rəsmisinə istinadla bildirib ki, zərbələr Vaşinqtonla tam koordinasiyalı şəkildə icra olunub.
"Tasnim" agentliyinə danışan İran rəsmisi Fordo nüvə obyektinin bir hissəsinin hava zərbələrinə məruz qaldığını təsdiqləyib. İranın dövlət televiziyası hücumların əhəmiyyətini azaldaraq bildirib ki, nüvə materialı zərbələrdən öncə üç obyektdən yığışdırılıb.
İran Atom Enerjisi Təşkilatı Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə hücumları təsdiqləyib, "barbarcasına" hücumların beynəlxalq hüququ pozduğunu bildirib, onu da əlavə edib ki, bu, milli industriyanı dayandırmayacaq.
BMT Təhlükəsizlik Şurasının keçmiş üzvü Brett Makqerk deyib ki, bunkerqıran bombadan istifadə hərb tarixində bir ilkdir. O bu silahın Fordo kimi hədəf üçün hazırlandığını qeyd edib.
Tramp ABŞ ordusunun İsrail-İran müharibəsində birbaşa iştirakını nəzərdən keçirirdi. O, iki gün öncə demişdi ki, İranın nüvə obyektlərini dağıtmağa çalışan İsrailə qoşulmaqla bağlı "iki həftə ərzində" qərar verəcək.
ABŞ və İsrail rəsmilərinin daha öncə dediklərinə görə, Birləşmiş Ştatlar İranın yerin altında yerləşən nüvə obyektlərinə zərbə endirmək gücündə olan yeganə ölkədir.
Fordo bombalanmadan əvvəl və sonra
İsrail və İran iyunun 13-dən bəri bir-birinə dağıdıcı zərbələr endirir. İsrail həmin gün İrana qarşı hava zərbələrinə başlayıb, Tehranın nüvə silahı hazırlamasının qarşısını almağa çalışdığını deyib. İran isə nüvə proqramının niyyətinin atom bombası hazırlamaq olmadığını bildirir.
İran prezidenti Məsud Pezeşkian iyunun 21-də deyib ki, ölkəsi nüvə proqramını "heç bir şəraitdə" dayandırmayacaq. Xarici işlər naziri Abbas Ərağçi isə xəbərdarlıq edib ki, ABŞ ordusunun iştirakı "hər kəs üçün çox, çox təhlükəli olar".
Fransa prezidenti Emmanuel Makronla telefon söhbətində Pezeşkian deyib ki, İran "dinc nüvə fəaliyyəti sahəsində etimadın qurulmasından ötrü müzakirəyə və əməkdaşlığa hazırdır".
"Ancaq biz heç bir şəraitdə nüvə fəaliyyətini azaltmağa razı deyilik", – o əlavə edib.
İsrailin iyunun 21-də bildirdiyinə görə, İranın daha üç komandiri öldürülüb. SEPAH isə İsraildə strateji hədəflərə kamikadze dronları buraxıldığını açıqlayıb.