Belarus 14 məhbusu azad edib. Onlardan biri də 2020-ci ilin mayında həbs olunmuş Sergey Tixanovskidir. O, avtoritar lider Aleksandr Lukaşenkoya qarşı seçkidə namizəd olmaq niyyətini bildirəndən sonra saxlanmışdı. Sonradan onun həyat yoldaşı Svetlana Tixanovskaya ərinin yerinə seçkiyə getmişdi.
ABŞ-nin elçisi Keyt Kelloqun köməkçisi Con Koul iyunun 21-də X platformasında yazıb ki, 14 məhbus Litva hökuməti ilə əməkdaşlıq sayəsində əldə olunmuş razılaşma çərçivəsində buraxılıb.
AzadlıqRadiosu Belarus xidmətinin keçmiş jurnalisti İqor Karney də buraxılıb. O, 2023-cü ildə həbs olunmuş, "ekstremizm" ittihamı ilə 3 il həbsə məhkum edilmişdi.
Lukaşenko 2020-ci il avqust seçkisinin qalibi elan olunandan sonra ölkədə etirazlar başlanıb. Minlərlə belaruslu seçkinin saxtalaşdırıldığını, Tixanovskayanın qalib gəldiyini bildirib. Qərb də seçkinin nəticələrini rədd edib. Tixanovskaya daxil əsas müxalifət liderləri ölkədən çıxmalı olub, minlərlə etirazçı saxlanıb, öldürülənlər olub.
Karney isə veteran jurnalistdir, 20 ildən çox Azad Avropa/Azadlıq Radiolarında işləyib. Belarus insan haqları cameəsi onu siyasi məhbus kimi tanıyıb.
"Bu cəsur, Belarus hakimiyyətinin əziyyət verdiyi jurnalistin azadlığa çıxmasını təmin etdiyinə görə prezident Donald Trampa dərindən minnətdarıq", – AzadlıqRadiosunun prezidenti Stiven Kapus deyib.
Avropa İttifaqı, ABŞ, Kanada və bir sıra digər ölkələr Lukaşenkonu Belarusun legitim lideri kimi tanımayıb, ona və digər rəsmilərə seçkinin saxtalaşdırılması, seçkisonrası təzyiqlərə cavab olaraq sanksiyalar tətbiq edib.