İran ilə "Avropa üçlüyü" (Fransa, Böyük Britaniya və Almaniya) Cenevrə görüşündə nüvə proqramı üzrə danışıqları davam etdirmək barədə razılığa gəlib. Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib.
"Danışıqları davam etdirmək barədə razılığa gəldik, danışıqlar prosesini açıq saxlamaq çox vacibdir", - Kallas görüşdən sonra deyib. Onun sözlərinə görə, təkcə nüvə mövzusu deyil, həm də "bizdə olan daha geniş suallar" müzakirə olunacaq.
Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib ki, İranın xarici işlər naziri Abbas Ərağçi bütün, o cümlədən əvvəllər müzakirə olunmayan məsələləri masaya qoymağa razılıq verib və "bu gün başladığımız söhbəti davam etdirməyə... hazır olduğunu göstərib".
Barronun sözlərinə görə, İranın nüvə problemini hərbi yolla həll etmək mümkün deyil. "Hərbi əməliyyatlar onu təxirə sala bilər, lakin tamamilə aradan qaldıra bilməz", - o, görüşdən sonra britaniyalı və almaniyalı həmkarları ilə birgə çıxışında bildirib.
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Tehranı ABŞ ilə danışıqları da davam etdirməyə çağırıb. "Biz açıq şəkildə bildirdik: İranın nüvə silahı ola bilməz", - Britaniya XİN rəhbəri vurğulayıb.
Avropa və Birləşmiş Ştatların məqsədi İranın uranın zənginləşdirilməsini dayandırmasını təmin etməkdir, lakin "İranın enerji ehtiyacları ilə bağlı müzakirələr" məqbuldur, - Lemmi əlavə edib.
A.Ərağçi də danışıqlar bitdikdən sonra jurnalistlərə açıqlama verib. O, "Avropa üçlüyü" və Aİ ilə görüşlərin davam etdirilməsini dəstəkləyib və Tehranın yaxın gələcəkdə danışıqların yeni raundunda iştiraka hazır olduğunu deyib.
Nazir İsrailin İranın nüvə obyektlərinə hücumlarını pisləyib və Avropa ölkələrinin eyni mövqeyi açıq şəkildə ifadə etməməsindən "ciddi" narahatlığını bildirib.
Avropa nazirləri ilə İranın xarici işlər naziri A.Ərağçi arasında İranın nüvə proqramı üzrə danışıqlar iyunun 20-də Cenevrədə baş tutub. Görüş üç saatdan çox davam edib.